“Andretti Avtosport” klubunun sahibi və “İndikar” çempionu Maykl Andretti Formula 1 komandası “Alfa Romeo”nun səhmlərinə sahib çıxa bilməyib.
Məşhur biznesmenin təklifi İsveçrə komandasının rəhbərliyini razı salmayıb. Daha doğrusu, “Zauber” şirkətinin idarə heyəti Andrettidən daha yüksək məbləğ ödəməyi tələb etsə də, onların bu təklifindən amerikalı funksioner geri çəkilib. Xarici mətbuatın məlumatına görə, bu sövdələşmənin baş tutmaması çinli pilot Çjou Quanyunun növbəti il Formula 1-də debüt şansını artıra bilər. Məsələ ondadır ki, sponsorlar Quanyunun “Kral Avtoyarışları”nda iştirakına görə “Alfa Romeo”ya 30 milyon avro ödəməyə hazır olsalar da, Andrettinin komandanı almaq istəməsindən sonra danışıqlar dayandırılmışdı.